Cənubi Koreya yerli istehsal olan ilk seriyalı KF-21 Boramae qırıcı təyyarəsini ölkənin Hərbi Hava Qüvvələrinə təhvil verib. Bununla da uzunmüddətli inkişaf proqramından əməliyyat xidmətinə keçid mərhələsi başlayıb. Bu barədə Yonhap agentliyi məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, ilk seriyalı KF-21 Koreya Aerokosmik Sənayesi şirkətinin Saçeondakı müəssisəsindən havaya qalxaraq Yeçon bazasına uçub. Burada KF-21-lərin istismarı üçün yenidən yaradılmış 156-cı Qırıcı Eskadrilya yerləşir.
Cənubi Koreya 2028-ci ilədək əsasən hava-hava döyüş tapşırıqları üçün nəzərdə tutulan 40 Block I təyyarəsini istifadəyə verməyi planlaşdırır. Daha sonra uzaqmənzilli hava-yer silahları ilə təchiz ediləcək 80 Block II təyyarəsinin istehsalı nəzərdə tutulur. Beləliklə, 2032-ci ilədək ümumi KF-21 sayının təxminən 120-yə çatdırılması planlaşdırılır.
KF-21 proqramı Cənubi Koreyanın köhnəlmiş F-4 və F-5 qırıcılarını əvəz etmək məqsədi daşıyır. Təyyarənin ilkin əməliyyat qabiliyyətinin 2027-ci ildə əldə olunması, sonrakı mərhələdə isə ölkənin əsas döyüş təyyarələrindən birinə çevrilməsi nəzərdə tutulur.
