İran və ABŞ nümayəndələri Nyu-Yorkda danışıqlar aparıb

İran və ABŞ nümayəndələri Nyu-Yorkda danışıqlar aparıb

Könül Məmmədova · Media ·

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyası çərçivəsində ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparıb. İran tərəfi danışıqlarda dəniz blokadasının aradan qaldırılması, dondurulmuş aktivlərin açılması və regiondakı qarşıdurmaların dayandırılması ilə bağlı tələblər irəli sürüb. Bu barədə İran dövlət mediası məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Tehran ABŞ-dan İran limanlarına qarşı tətbiq olunan məhdudiyyətləri yumşaltmağı və ölkənin xaricdə dondurulmuş maliyyə aktivlərinə çıxışı bərpa etməyi tələb edib. İran tərəfi həmçinin regiondakı müharibələrin və qarşıdurmaların dayandırılmasını mümkün razılaşmanın əsas şərtlərindən biri kimi təqdim edib.

ABŞ Prezidenti Donald Tramp İranla aparılan diplomatik prosesin müsbət istiqamətdə inkişaf etdiyini bildirib və razılaşmanın gec olmadan əldə ediləcəyinə ümid etdiyini deyib. Bununla belə, tərəflər arasında yekun razılaşmanın əldə olunduğu barədə rəsmi açıqlama verilməyib.

Tramp daha əvvəl İranla razılaşmanın ABŞ-da noyabrda keçiriləcək aralıq seçkilərdən sonra mümkün ola biləcəyini bildirmişdi. Vaşinqton və Tehran arasında əsas mübahisəli məsələlər sırasında İranın nüvə proqramı, Hörmüz boğazındakı vəziyyət, sanksiyalar və regional hərbi fəaliyyətlər qalır.