Azərbaycan İran aviaşirkətlərinin uçuşlarını dayandırır

Azərbaycan İran aviaşirkətlərinin uçuşlarını dayandırır

Aytac Dəniz · Media ·

ABŞ-ın İranın aviasiya sektoruna qarşı yeni sanksiyalarının qüvvəyə minməsindən sonra bir sıra ölkələr İran aviaşirkətlərinin uçuşlarını dayandırmağa və ya məhdudlaşdırmağa başlayıb. Vaşinqton İran daşıyıcılarına xidmət göstərən xarici şirkət və hava limanlarını da maliyyə sanksiyaları ilə üzləşə biləcəkləri barədə xəbərdar edib. Bu barədə Reuters məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Azərbaycanda İran aviaşirkətlərinin uçuşları sentyabrın 22-dən dayandırılıb. Gürcüstanda isə ABŞ sanksiyalarına məruz qalan İran daşıyıcılarının fəaliyyəti sentyabrın 21-dən məhdudlaşdırılıb. Oman İran reyslərinin Maskata qəbulunu dayandırıb, İraqda isə Bağdada uçuşlar dayandırılıb və bəzi reyslərin Nəcəfə yönləndirilməsi müzakirə olunur.

İrandan Qətərə reyslərin də dayandırıldığı barədə məlumatlar yayılıb. Türkiyədə isə vəziyyət daha fərqlidir. Mahan Air İstanbul və Ankara reyslərini sentyabrın 21-dən dayandırsa da, İranın Mülki Aviasiya Təşkilatı digər bəzi İran daşıyıcılarının Türkiyə istiqamətində uçuşlarının davam etdiyini bildirib.

Sanksiyalara baxmayaraq, İran aviaşirkətlərinin bütün beynəlxalq marşrutları dayanmayıb. Çin istiqamətində uçuşların davam etdiyi təsdiqlənib, Nəcəf hava limanı da İran reyslərinin hazırda normal həyata keçirildiyini bildirib. Birləşmiş Ərəb Əmirlikləri, o cümlədən Dubay istiqamətində bəzi uçuşlar da davam edir.

ABŞ Maliyyə Nazirliyi sentyabrın 8-də İranın aviasiya sektoru ilə əlaqəli 36 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib. Yeni tədbirlərin məqsədi İran aviaşirkətlərinin yanacaq, yerüstü xidmət, bilet satışı və beynəlxalq hava limanlarına çıxış imkanlarını məhdudlaşdırmaqdır.