Portuqaliyanın Bolqarıstandakı səfiri evində ölü tapılıb

Portuqaliyanın Bolqarıstandakı səfiri evində ölü tapılıb

Vüsal Şahbazov · Media ·

Portuqaliyanın Bolqarıstandakı səfiri Ana Mariya Ribeyru da Silva Sofiyadakı iqamətgahında ölü tapılıb. 66 yaşlı diplomat işə gəlmədikdən sonra səfirlik əməkdaşları onun vəziyyəti ilə maraqlanıb və cəsədi evində aşkar ediblər. Bu barədə Bolqarıstanın BGNES agentliyi məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, ilkin araşdırma zamanı səfirin bədənində zorakılıq əlamətləri müəyyən edilməyib. Yerli mənbələr ölümün mümkün səbəbi kimi ürək tutmasını göstərirlər, lakin yekun səbəb rəsmi tibbi ekspertizadan sonra müəyyənləşəcək.

Ana Mariya Ribeyru da Silva 2020-ci ilin dekabrından Portuqaliyanın Bolqarıstandakı səfiri vəzifəsində çalışırdı. O, daha əvvəl Portuqaliyanı Slovakiyada təmsil edib, həmçinin Paris, Helsinki, Moskva və Vyanada diplomatik vəzifələrdə çalışıb.

Portuqaliya Prezidenti diplomatın ölümü ilə bağlı başsağlığı verərək onun təxminən 40 illik diplomatik fəaliyyəti dövründə peşəkarlıq və dövlət xidmətinə sadiqlik nümayiş etdirdiyini bildirib.