Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın Cümhuriyyət Xalq Partiyasından istefasından sonra paytaxtın daha yeddi rayonunun bələdiyyə sədri də partiyadan ayrılıb. Bu barədə Sözcü qəzeti məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Beypazarı bələdiyyə sədri Özer Kasap, Kalecik bələdiyyə sədri Satılmış Karakoç, Güdül bələdiyyə sədri Mehmet Doğanay, Polatlı bələdiyyə sədri Mürsel Yıldızkaya, Ayaş bələdiyyə sədri İzzet Demircioğlu, Şereflikoçhisar bələdiyyə sədri Mustafa Koçak və Elmadağ bələdiyyə sədri Adem Barış Aşkın CHP-dən istefa veriblər.
Bələdiyyə sədrləri siyasi fəaliyyətlərini müstəqil şəkildə davam etdirəcəklərini açıqlayıblar. Onların bir neçəsi istefa bəyanatlarında Mansur Yavaşla siyasi həmrəyliklərini davam etdirəcəklərini bildirib.
Yavaş da sentyabrın 23-də CHP üzvlüyündən ayrıldığını və siyasi fəaliyyətini müstəqil davam etdirəcəyini açıqlayıb. Ardıcıl istefalar 2024-cü il yerli seçkilərində Ankarada böyük uğur qazanan CHP-nin paytaxtdakı bələdiyyə təmsilçiliyini ciddi şəkildə zəiflədib.
