Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert “Madyar” Brovdi Rusiyanın Samara vilayətindəki “Wildberries” logistika mərkəzinə endirilən PUA zərbəsini şərh edib. O, Novosemeykino qəsəbəsində yerləşən obyektin çökdüyünü və fəaliyyətini dayandırdığını bildirib.
Redaksiya xəbər verir ki, Brovdi həmin logistika mərkəzini Rusiyanın Avropa hissəsi ilə Sibir arasında mühüm yükdaşıma qovşaqlarından biri adlandırıb. Onun sözlərinə görə, hücum nəticəsində obyekt logistika şəbəkəsindən çıxıb.
Mətbuatda yayılan məlumatlara əsasən, Samaradakı son hücumdan əvvəlki iki həftə ərzində Ukrayna PUA-ları Rusiyanın ən böyük elektron ticarət platforması olan “Wildberries”ə məxsus 16 logistika obyektini hədəfə alıb. Şirkətin bəzi anbarlarında yanğınların baş verdiyi və əməliyyatların dayandırıldığı bildirilir.
İlkin hesablamalara görə, təkcə məhv edilən malların dəyəri təxminən 3 milyard dollara çata bilər. Bununla belə, zərərin yekun məbləği “Wildberries” və ya Rusiya rəsmiləri tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
