Qızılın tarixi zirvədən təxminən 26 faiz ucuzlaşmasından sonra bazarda enişin əsas hissəsinin başa çatdığı bildirilir. BCA Research satış təzyiqinin zəiflədiyini və qiymətli metalın yenidən toparlanma mərhələsinə keçə biləcəyini proqnozlaşdırıb.
Redaksiya istinadla xəbər verir ki, qızıl yanvarın 29-da qeydə alınan tarixi maksimumdan sonra kəskin ucuzlaşıb. Araşdırma təşkilatının hesabatında bazarın ən çətin mərhələsinin geridə qala biləcəyi və uzun mövqelərin, yəni alış strategiyasının yenidən nəzərdən keçirilməsi üçün şərait yarandığı bildirilib.
BCA Research qızılın qiymətinə təsir göstərən əsas amilin inflyasiyadan daha çox real faiz dərəcələri olduğunu qeyd edib. Hesabata görə, faiz təzyiqinin zəifləməsi qiymətli metalın üzərindəki satış təzyiqini də azalda bilər.
Analitiklər ABŞ dollarının qızıl bazarındakı rolunun dəyişə biləcəyini də bildiriblər. İndiyədək qızılın qiymətini aşağı çəkən dollar indeksinin təsirinin zəiflədiyi və gələcək dövrdə qiymətləri dəstəkləyən amilə çevrilə biləcəyi qeyd olunub.
Hesabatda qızılın uzunmüddətli yüksəlişi üç mərhələyə bölünüb. Birinci mərhələ 2022-ci ilin sonunda mərkəzi bankların güclü fiziki qızıl alışları, ikinci mərhələ qızıl fondlarına investor marağının artması ilə əlaqələndirilib. Hazırkı üçüncü mərhələdə isə real faizlər və dolların məzənnəsinin əsas müəyyənedici amillər olacağı bildirilir.
