Avropa qaydaları mikro sahibkarlar üçün minlərlə avro xərc yaradır

Avropa qaydaları mikro sahibkarlar üçün minlərlə avro xərc yaradır

Fərid Əlizadə · Media ·

Avropa İttifaqının yeni qablaşdırma qaydalarının kiçik istehsalçılar, sənətkarlar və mikro sahibkarlar üçün ciddi maliyyə və inzibati yük yaratdığı bildirilir. Bu barədə Lectronz platformasında dərc olunan məqalədə qeyd olunub.

Redaksiya istinadla xəbər verir ki, yeni sistem qablaşdırma tullantılarına görə məsuliyyəti məhsulu bazara çıxaran şirkətlərin üzərinə qoyur. Başqa Aİ ölkələrinə məhsul göndərən satıcı isə hər ölkədə ayrıca qeydiyyatdan keçməli və həmin bazarın tələblərini yerinə yetirməlidir.

Məqalədə nümunə kimi Yunanıstandan Almaniya, Fransa, Avstriya və Belçikaya cəmi 10 kiçik elektronika məhsulu satan mikro sahibkar göstərilir. Hesablamaya görə, həmin dörd bazarda qeydiyyat və nümayəndəlik xərcləri ildə təxminən 1 150 avroya çata bilər.

Lectronz bildirir ki, platformadakı satıcıların yarısı ötən il 10-dan az sifariş alıb. Belə mikro istehsalçılar üçün müxtəlif Aİ ölkələrində ayrıca inzibati prosedurları yerinə yetirmək iqtisadi baxımdan sərfəsiz ola bilər.

Məqalə müəllifi çıxış yolu kimi kiçik həcmli satıcılar üçün minimum həddin tətbiq edilməsini, Aİ üzrə vahid qeydiyyat portalının yaradılmasını və marketplace-lərin mikro sahibkarların adından qablaşdırma öhdəliklərini yerinə yetirməsinə imkan verilməsini təklif edir.