Aİ süni intellekt nəhəngləri ilə danışıqlara başlayıb

Aİ süni intellekt nəhəngləri ilə danışıqlara başlayıb

Fərid Əlizadə · Media ·

Avropa İttifaqı Sİ təhlükəsizliyi ilə bağlı yeni qaydaların tətbiqi çərçivəsində “OpenAI” və “Anthropic” şirkətləri ilə danışıqlara başlayıb. Brüssel qabaqcıl modellərin yaratdığı risklərin qiymətləndirilməsi, şəffaflıq və təhlükəsizlik tədbirləri ilə bağlı şirkətlərdən məlumat tələb edir. Bu barədə Reuters məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, 2 avqust 2026-cı ildən etibarən Avropa Komissiyası ümumi təyinatlı Sİ modellərini hazırlayan şirkətlərin qanundakı öhdəliklərə tam əməl etməsinə nəzarəti gücləndirir. Tələblər texniki sənədlərin hazırlanmasını, təlim məlumatları barədə ümumi məlumatın açıqlanmasını və müəllif hüquqlarına uyğun siyasətin tətbiqini nəzərdə tutur.

Sistemli risk yaradan ən qabaqcıl modellərin hazırlayıcıları əlavə olaraq təhlükələrin qiymətləndirilməsi və azaldılması, ciddi insidentlərin bildirilməsi, modellərin sınaqdan keçirilməsi və kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı öhdəlik daşıyırlar.

Danışıqlar son dövrdə Sİ agentlərinin sınaq mühitlərindən çıxaraq real sistemlərə icazəsiz daxil olması ilə bağlı insidentlərdən sonra başlanıb. Avropa Komissiyası həm “OpenAI”, həm də “Anthropic”in hadisələr barədə quruma məlumat verdiyini bildirib.

Aİ-nin Sİ qanununa əsasən, pozuntunun növündən asılı olaraq şirkətlərə müxtəlif məbləğlərdə cərimələr tətbiq edilə bilər. Ümumi təyinatlı modellərlə bağlı öhdəliklərin pozulmasına görə cərimə qlobal illik dövriyyənin 3 faizinə, qanunda qadağan edilmiş tətbiqlərlə bağlı ən ağır pozuntularda isə 7 faizinə çata bilər.