ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran vaxtı ilə səhər saatlarında paytaxtda və bir neçə şəhərdə partlayış səsləri eşidilib, tüstü görüntüləri yayılıb. İsrail tərəfi hücumun “preventiv zərbə” olduğunu açıqlayıb, ABŞ Prezidenti Donald Tramp isə ölkəsinin “iri miqyaslı döyüş əməliyyatlarına” başladığını bildirib. Hər iki ölkədə hava məkanı mülki uçuşlar üçün bağlanıb, İsraildə mümkün cavab raket hücumu təhlükəsinə görə əhaliyə xəbərdarlıq edilib.
Redaksiya BBC-yə istinadən xəbər verir ki, partlayışlar Tehranla yanaşı İsfahan, Qum, Kərəc və Kirmanşah şəhərlərində də qeydə alınıb. İran mediası hava məkanının bağlandığını bildirib. İsraildə isə sirenlər səsləndirilib, vətəndaşlara zəruri hallar istisna olmaqla işə və məktəbə getməmək, kütləvi toplaşmalardan çəkinmək tövsiyə olunub. Hadisə İranın nüvə proqramı ilə bağlı həftələrlə davam edən gərgin danışıqlar və təhdidlər fonunda baş verib.
Donald Tramp bildirib ki, məqsəd “Amerika xalqını qorumaq və İran rejimindən gələn təhdidləri aradan qaldırmaqdır” və İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcək. İsrailin Baş naziri Benyamin Netanyahu da oxşar bəyanatla çıxış edərək İranın nüvə silahına sahib olmamalı olduğunu vurğulayıb və İran xalqını hakimiyyətə qarşı çıxmağa çağırıb. İran tərəfindən mümkün itkilər və dağıntılarla bağlı rəsmi məlumat hələlik açıqlanmayıb.
