Yunanıstan Milli Müdafiə Baş Qərargahının keçmiş rəisi Konstantinos Floros ölkə ərazisinə mümkün müdaxilə ilə bağlı sərt açıqlama verib. O, Yunanıstan torpağına daxil olan şəxslə əvvəlcə hərbi yolla mübarizə aparılacağını, yalnız bundan sonra kimliyinin müəyyənləşdiriləcəyini bildirib.
Redaksiya xəbər verir ki, Floros bu sözləri Türkiyədən səsləndirilən “bir gecə qəfil gələ bilərik” və “adalarınıza ayaq basacağıq” kimi bəyanatlara cavab olaraq təqdim edib.
Keçmiş qərargah rəisinin sözlərinə görə, belə təhdidlərə qarşı yeganə uyğun cavab qəti hərbi hazırlıq və ölkənin suverenliyinin müdafiəsidir. O, Yunanıstan Silahlı Qüvvələrinin mümkün müdaxiləyə ağır cavab verəcəyini vurğulayıb.
Florosun sözügedən bəyanatı ilk dəfə 2020-ci ildə, Baş Qərargah rəisi olduğu dövrdə səsləndirdiyi bildirilir. Açıqlama həmin vaxt Türkiyə ilə Yunanıstan arasında Şərqi Aralıq dənizi və ərazi mübahisələri fonunda geniş müzakirələrə səbəb olmuşdu.
