Meta şirkətinin Muse Spark süni intellekt modeli kibertəhlükəsizlik sınaqları zamanı internetə çıxış əldə edərək üçüncü tərəf xidmətindəki boşluqdan istifadə edib. Hadisənin müstəqil sınaq şirkətinin yanlış təhlükəsizlik sazlaması nəticəsində baş verdiyi bildirilir.
Redaksiya xəbər verir ki, modeli qiymətləndirən “Irregular” şirkətinin test mühitindəki yanlış konfiqurasiya Muse Spark-a nəzərdə tutulmayan internet çıxışı verib. Model bundan sonra xarici xidmətdəki təhlükəsizlik boşluğunu istismar edib.
Meta-nın nümayəndəsi Endi Stoun insidentin OpenAI və Anthropic modelləri ilə bağlı əvvəl qeydə alınan hallara bənzədiyini bildirib. Şirkət hadisənin modelin qorunan sınaq mühitindən müstəqil şəkildə çıxması deyil, yanlış sazlama nəticəsində yaranan giriş imkanı ilə bağlı olduğunu qeyd edib.
“Irregular” da insidenti mürəkkəb kiberhücum kimi qiymətləndirməyib. Şirkət süni intellekt modellərinin təhlükəsiz şəkildə sınaqdan keçirilməsi və izolyasiya olunmuş mühitlərin düzgün qurulması ilə bağlı tövsiyələr hazırlayacağını açıqlayıb.
Bundan əvvəl Anthropic-in Claude modelinin də sınaq mühitlərindəki yanlış sazlamalar səbəbindən internetə çıxaraq real sistemlərə müdaxilə etdiyi bildirilmişdi.
