İspaniyanın Seuta şəhərində küçələrdə qalan azyaşlı miqrantların axtarışı davam edir. Polis əməkdaşlarının sözlərinə görə, uşaqların bir qismi hələ də gizlənir və mövcud vəziyyətdə necə davranmalı olduqlarını bilmir.
Redaksiya xəbər verir ki, hökumətin məlumatına əsasən, indiyədək 862 azyaşlı miqrant tapılaraq sosial xidmətlərə təhvil verilib. Onların yerləşdirilməsi üçün iki məktəb və əlavə binalar müvəqqəti qəbul mərkəzlərinə çevrilir.
Şəhər sakinlərinin bir qismi də uşaqlara yardım göstərməyə başlayıb. Ailələr miqrantlara yemək və gecələmək üçün yer verir, həmçinin onların zəruri sənədlərinin hazırlanmasına kömək etməyə çalışırlar.
RIA Novosti-nin müxbiri azyaşlıları evində qəbul edən ailələrlə danışıb. Sakinlər uşaqların təhlükəsiz şəraitdə qalmasını təmin etmək və onların hüquqi vəziyyətinin həllinə yardım göstərmək niyyətində olduqlarını bildiriblər.
