Yaponiyanın Hiroşima şəhərində atom bombardmanının 81-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. BMT-nin Baş katibi Antonio Quterreşin mesajında, Hiroşima meri Kazumi Matsuinin və Yaponiyanın Baş naziri Sanae Takaiçinin çıxışlarında bombanı atan ölkə kimi ABŞ-nin adı açıq şəkildə çəkilməyib.
Redaksiya xəbər verir ki, Quterreş dünyada geosiyasi parçalanmanın, qarşılıqlı etimadsızlığın və rəqabətin gücləndiyini bildirib. O, nüvə silahlarının istifadəsinin ağlasığmaz olduğu dünyanın qurulmasına çağırıb və Hiroşimanı dözümlülük, yenilənmə və ümid nümunəsi adlandırıb.
Kazumi Matsui nüvə çəkindirməsini əsaslandıran dövlətləri tənqid edərək bu yanaşmanın Hiroşima və Naqasaki faciələrinin təkrarlanması riskini artırdığını bildirib. O, müharibələrə və nüvə silahlarına arxalanan siyasətdən imtina edilməsinə çağırıb.
Sanae Takaiçi isə nüvə silahlarının heç vaxt istifadə edilməyəcəyi dünyaya doğru irəliləmək üçün BMT çərçivəsində fəaliyyət göstərəcəklərini deyib. Baş nazir nüvə tərksilahına sadiqliyini ifadə etsə də, çıxışında ABŞ-nin bombardmandakı rolunu ayrıca qeyd etməyib.
1945-ci il avqustun 6-da ABŞ-nin B-29 bombardmançı təyyarəsi Hiroşimaya “Balaca oğlan” adlı uran bombası atıb. Partlayış və sonrakı radiasiya təsirləri nəticəsində həmin ilin sonunadək təxminən 140 min nəfərin öldüyü bildirilir.
