ABŞ Prezidenti Donald Tramp administrasiyası növbəti 12 ay ərzində Cənubi Afrikadan əlavə 17 500 nəfərədək ağdərili afrikaneri qaçqın kimi qəbul etməyi planlaşdırır. Plan barədə ABŞ Konqresinə rəsmi bildiriş göndərilib. Bu barədə CBS News məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, ABŞ Dövlət Departamenti yeni qaçqın yerlərinin əsasən afrikanerlərə ayrılacağını bildirib. Tramp administrasiyası bu icmanın Cənubi Afrikada ayrı-seçkilik və təqiblərlə üzləşdiyini iddia edir.
Yeni plan Vaşinqtonun afrikanerlərin ABŞ-a köçürülməsi proqramını daha da genişləndirir. Administrasiya daha əvvəl də Cənubi Afrikadakı vəziyyəti fövqəladə qaçqın problemi kimi qiymətləndirərək minlərlə afrikanerin sürətləndirilmiş qaydada qəbulunu nəzərdə tutan tədbirlər açıqlamışdı.
Cənubi Afrika hökuməti isə afrikanerlərin irqi təqib və ya soyqırımla üzləşməsi barədə iddiaları rədd edir. Pretoriya ölkədə ağdərili əhaliyə qarşı sistemli irqi təqib siyasətinin mövcud olmadığını bildirir.
