Kolumbiya Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı soyqırım iddiası üzrə işə müdaxilə etmək barədə əvvəlki bəyanatını geri götürüb. Bu barədə Beynəlxalq Ədalət Məhkəməsi məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Kolumbiya sentyabrın 18-də məhkəməyə müraciət edərək 5 aprel 2024-cü ildə təqdim etdiyi müdaxilə bəyanatını geri götürmək qərarına gəldiyini bildirib. Məhkəmə bu qərarı sentyabrın 22-də ictimaiyyətə açıqlayıb.
Kolumbiya işə Beynəlxalq Ədalət Məhkəməsinin Statutunun 63-cü maddəsi əsasında müdaxilə etmişdi. Bu mexanizm dövlətlərə tərəfdar olduqları beynəlxalq konvensiyanın şərhi ilə bağlı gedən işlərdə öz hüquqi mövqelərini təqdim etmək imkanı verir.
Kolumbiyanın qərarı Cənubi Afrikanın İsrailə qarşı qaldırdığı əsas işi dayandırmır. Məhkəmə prosesi davam edir. Cənubi Afrika İsraili Qəzzada Soyqırım Konvensiyasını pozmaqda ittiham edir, İsrail isə bu ittihamları rədd edir.
