Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Nyu-Yorkda ikitərəfli və beynəlxalq gündəliyin geniş spektri üzrə danışıqlar aparıblar. Tərəflər Yaxın Şərq, Cənubi Qafqaz, Latın Amerikası və Karib hövzəsindəki vəziyyəti müzakirə ediblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, görüşdə Rusiya-ABŞ münasibətlərinin mövcud vəziyyəti və Ukrayna müharibəsi də müzakirə olunub. Lavrov Kiyev ilə Avropa ölkələri arasında sıx koordinasiyanın olduğunu bildirib və Ukrayna tərəfinin mülki əhali və infrastruktura qarşı fəaliyyəti barədə Moskvanın mövqeyini Rubioya çatdırıb.
Rusiya XİN rəhbəri iki ölkə prezidentləri arasında əldə edilmiş razılaşmalara uyğun olaraq Moskva ilə Vaşinqton arasındakı münasibətlərin mümkün qədər tez normallaşdırılmasının vacibliyini vurğulayıb.
Danışıqların yekununda Lavrov və Rubio Rusiya və ABŞ xarici siyasət qurumları arasında təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
