Zəngin ailələrdə miras və sərvətin növbəti nəslə ötürülməsi ilə bağlı açıq danışığın olmaması ciddi problemə çevrilir. Qarşıdakı 20-30 il ərzində dünyada təxminən 83 trilyon dollarlıq sərvətin varislərə keçəcəyi gözlənilir.
Redaksiya UBS, Fortune və J.P. Morgan-a istinadla xəbər verir ki, “böyük sərvət transferi” adlandırılan bu proses yalnız aktivlərin bölüşdürülməsi deyil, həm də ailə dəyərlərinin, məsuliyyət anlayışının və idarəetmə mədəniyyətinin ötürülməsi məsələsidir. Araşdırmalara görə, varislər çox vaxt ailə sərvətinin mövcudluğundan xəbərdar olur, lakin bu sərvətin ailənin tarixi, məqsədləri və gələcək rolu ilə necə bağlı olduğunu tam anlamırlar.
Mütəxəssislər bildirirlər ki, ailə daxilində miras mövzusunda susqunluq gələcəkdə ciddi qarşıdurmalara səbəb ola bilər. Sərvətin hüquqi və maliyyə baxımdan ötürülməsi mümkün olsa da, onun arxasındakı dəyərlər, qərarvermə prinsipləri və ailə missiyası izah edilmədikdə varislər arasında anlaşılmazlıq yaranır.
Bu problem xüsusilə ailə biznesləri üçün risklidir. Növbəti nəslin rolu, səlahiyyəti və məsuliyyəti əvvəlcədən müəyyənləşdirilmədikdə, böyük şirkətlər və investisiya portfelləri miras bölgüsü zamanı daxili mübahisələrə, idarəetmə böhranına və hətta dağılmaya məruz qala bilər.
Ekspertlər hesab edirlər ki, zəngin ailələr mirası yalnız pul və əmlak kimi deyil, mənəvi və strateji məsuliyyət kimi görməlidir. Açıq ailə dialoqları, varislərin erkən mərhələdə prosesə cəlb edilməsi, ailə konstitusiyası və dəyərlər üzərində razılaşma sərvətin daha sağlam şəkildə ötürülməsi üçün əsas şərtlər sayılır.
