ABŞ Prezidenti Donald Tramp, Ukrayna və Qəzza bölgəsindəki münaqişələrin tezliklə həll olunacağına dair əvvəlki vədlərinin gözlədiyindən daha mürəkkəb olduğunu etiraf edib. Bu barədə məlumatı The Wall Street Journal (WSJ) yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Tramp bu fikirləri Respublikaçılar Partiyasının donorları qarşısında çıxışı zamanı səsləndirib. O, xüsusilə Ukraynadakı vəziyyətin düşündüyündən daha dərin və həssas olduğunu bildirib və qeyd edib ki, bu məsələyə dair yaşadığı məyusluq gecələr yatmasına imkan vermir.
Trampın bu açıqlaması, onun əvvəlki ritorikasında tez və effektiv sülh planları ilə bağlı irəli sürdüyü bəyanatların praktikada üzləşdiyi çətinlikləri təsdiqləyir. Hazırda nə Qəzza, nə də Ukrayna cəbhəsində diplomatik irəliləyişin əldə olunmadığı bir mərhələdə bu etiraflar, ABŞ-ın xarici siyasətində yeni yanaşmalara ehtiyac yarandığını da göstərə bilər.
Sevinc Kərimova
