ABŞ Prezidenti Donald Tramp, şəxsi Truth Social hesabında yayımladığı bəyanatda yaxın günlərdə “bütün dövrlərin ən mühüm və təsirli xəbərini” ictimaiyyətə təqdim edəcəyini bildirib. Trampın bu açıqlaması beynəlxalq medianın diqqətini çəkib və gözləntiləri artırıb.
Redaksiya İsrailin The Jerusalem Post qəzetinə istinadən xəbər verir ki, qəzetə danışan İsrail mənbələrinin verdiyi məlumata görə, Tramp administrasiyası bu bəyanatı Səudiyyə Ərəbistanına planlaşdırılan rəsmi səfər çərçivəsində səsləndirə bilər. Mənbələr, səfər zamanı Trampın Fələstin dövlətini tanımaq qərarını elan edəcəyini ehtimal etdiklərini bildiriblər.
Əgər bu addım reallaşarsa, bu, ABŞ-ın Yaxın Şərq siyasətində tarixi dönüş nöqtəsi olacaq və regiondakı diplomatik balanslara ciddi təsir göstərə bilər. Qeyd edək ki, son aylarda bölgədə artan gərginlik, xüsusilə Qəzza və İsrail ətrafında baş verən hadisələr, bu cür diplomatik təşəbbüsləri daha da aktuallaşdırıb.
Hazırda ABŞ Dövlət Departamenti və Ağ Ev bu iddialarla bağlı rəsmən mövqe bildirməyib.
Sevinc Kərimova
