ABŞ Prezidenti Donald Tramp neft şirkətlərini İranla müharibə fonunda həddindən artıq qazanc əldə etməkdə ittiham edib. Bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Tramp xüsusilə “Chevron” şirkətinin adını çəkərək benzin qiymətlərinin aşağı salınmasını tələb edib. O, azad sahibkarlığın tərəfdarı olduğunu bildirsə də, şirkətlərin hazırkı gəlirlərinin onu narazı saldığını deyib.
“Çox böyük məbləğdə pul qazanırlar. Bunu deməyim sizi təəccübləndirə bilər. Açıq şəkildə deyirəm: bu vəziyyət məni sevindirmir”, – Tramp bildirib.
Mənbələrin sözlərinə görə, ABŞ Prezidenti Vaşinqtondakı Güzgülü hovuzla bağlı vandalizm işi üzrə cinayət təqibinin dayandırılmasına görə Kolumbiya dairəsinin prokuroru Canin Pirronu da sərt tənqid edib. Bildirilir ki, Tramp danışıq zamanı səsini qaldırıb və prokurora kəskin iradlar bildirib.
CNN-in materialında qeyd olunur ki, Tramp Güzgülü hovuzla bağlı tənqidlərə həssas yanaşır və bu layihəni özünün daşınmaz əmlak sahəsindəki bacarıqlarının göstəricisi hesab edir. Nəşr administrasiyanın iqtisadi narazılıqlara münasibətinin Trampın siyasi nüfuzuna təsir göstərə biləcəyini də vurğulayıb.
