ABŞ Prezidenti Donald Tramp ölkə daxilində data mərkəzlərinin tikintisinə qarşı çıxan yerli icmaları sərt tənqid edib və bu mövqenin uzunmüddətli iqtisadi geriləməyə səbəb ola biləcəyini bildirib.
Redaksiya xəbər verir ki, Tramp data mərkəzlərini qəbul edən bölgələrin daha çox investisiya, iş yeri və vergi gəliri əldə edə biləcəyini deyib. O, paylaşımında “Data Reign” ifadəsini işlədərək məlumat infrastrukturu və Sİ iqtisadiyyatının gələcək inkişaf üçün əsas sahələrdən biri olduğunu vurğulayıb.
Tramp həmçinin ABŞ-də data mərkəzlərinə qarşı artan müqavimətin Çinin maraqlarına uyğun olduğunu iddia edib və Vaşinqtonun bu sahədə rəqabət üstünlüyünü itirməməli olduğunu bildirib.
Açıqlama Respublikaçıların Senat kampaniyası strukturlarından birinin data mərkəzlərinə qarşı seçici narazılığının genişlənə biləcəyi barədə xəbərdarlığından təxminən bir həftə sonra səslənib.
ABŞ-nin bəzi ştatlarında, xüsusilə Ohayoda, iri data mərkəzlərinin elektrik və su istehlakı, torpaq istifadəsi və yerli infrastruktur üzərində yaratdığı yük səbəbindən etirazlar güclənib. Bu mövzu artıq bəzi siyasi namizədlər tərəfindən seçki kampaniyalarında aktiv şəkildə istifadə olunur.
