Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov ABŞ investisiyasını cəlb etməklə yeni müdafiə texnologiyaları fondu yaratmağa çalışır. Bu barədə Financial Times məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Fedorov Ukraynanın Pentaqon üçün genişmiqyaslı “dron ordusu”nun yaradılmasına kömək etməsini, bunun müqabilində isə Kiyevin hava hücumundan müdafiəsini gücləndirmək üçün Patriot raketləri almasını təklif edib.
Fedorov həmçinin İlon Maskın Starlink sisteminin Rusiya ərazisindəki zərbələrdə istifadəsinə texniki baxımdan açıq olduğunu iddia edib, lakin yekun qərarın siyasi xarakter daşıdığını və Ağ Evdən asılı olduğunu bildirib.
Onun sözlərinə görə, Ukrayna müdafiə texnologiyalarına özəl investisiyalar hazırda təxminən 100-300 milyon dollar səviyyəsindədir. Fedorov etiraf edib ki, yeni fondun real təsir göstərməsi illər çəkə bilər və qısa müddətdə bütün mövcud problemləri həll etməyəcək.
Təşəbbüs Fedorovun İtaliyanın müdafiə naziri Quido Krozettonun müdafiə innovasiyaları üzrə müşaviri olmasından sonra gündəmə gəlib. Ukraynada bəzi tənqidçilər fondun onun şəxsi siyasi və peşəkar maraqları ilə nə dərəcədə əlaqəli olduğu barədə suallar qaldırırlar.
Fedorov isə son dövrdə Ukraynanın müharibədə vəziyyətinin pisləşdiyini açıq şəkildə bildirib və seçkilərin keçirilməsinin mümkünlüyü barədə danışıb. Bu açıqlamalar onun hökumətlə münasibətlərinin gərginləşməsi fonunda səslənib.
