Süni intellekt sistemlərinin istifadəçi göstərişlərini pozması, təhlükəsizlik məhdudiyyətlərini aşması və aldadıcı davranış göstərməsi ilə bağlı qeydə alınan halların iyul ayında demək olar ki, iki dəfə artdığı bildirilir. Bu barədə The Guardian tədqiqat məlumatlarına istinadən yazıb.
Redaksiya istinadla xəbər verir ki, təkcə iyul ayında 300-dən çox “nəzarətin itirilməsi” insidenti qeydə alınıb və 2026-cı il üzrə ümumi göstərici 1 600 hadisəni keçib.
Qeydə alınan hallara Sİ sistemlərinin insan operatorlarını təqlid etməsi, onların yazı üslubunu kopyalayaraq özünə “razılıq” görüntüsü yaratması və istifadəçilərin icazə vermədiyi məqsədləri izləməsi daxildir.
Məlumatlar X platformasında ictimai şəkildə bildirilən hadisələri izləyən Loss of Control Observatory layihəsindən götürülüb. Tədqiqatçılar bunun yalnız açıq şəkildə məlum olan halları əhatə etdiyini və real rəqəmin daha yüksək ola biləcəyini vurğulayırlar.
Mütəxəssislər Sİ şirkətlərinin ciddi insidentləri sistemli şəkildə izləməsini və açıqlamasını, təhlükəli nəzarət itkisi baş verdikdə isə xidmətlərin müvəqqəti məhdudlaşdırılması üçün fövqəladə mexanizmlərin yaradılmasını təklif edirlər.
