BDU: Azərbaycanın təhsil tarixinin dəyişməz flaqmanı

BDU: Azərbaycanın təhsil tarixinin dəyişməz flaqmanı

Aytac Dəniz · Cəmiyyət ·

Hər bir başlanğıcın öz yeri var. İlk olanlar isə zaman keçdikcə özündən sonra gələnlər üçün mayaka, istiqamətə, flaqmana çevrilir.

Azərbaycanın ali təhsil tarixində bu rolu Bakı Dövlət Universiteti daşıyır. BDU təkcə ölkəmizin ilk universiteti deyil, Azərbaycan təhsilinin formalaşmasında müstəsna yeri olan böyük bir məktəbdir. Ondan sonra yaranan ali təhsil müəssisələrinin inkişafında da bu böyük məktəbin izi var.

Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək: “Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.”

Bir əsrdən artıq tarix, minlərlə məzun və Azərbaycanın inkişafına verilən böyük töhfələr bu fikrin nə qədər dərin məna daşıdığını göstərir.

Təbii ki, dünya dəyişir, ali təhsil də dəyişir. Yeni modellər, texnologiyalar və çağırışlar qarşısında böyük tarixə malik universitetlərin vəzifəsi ənənələrini qoruyaraq zamanın tələblərinə uyğunlaşmaqdır. BDU-nun da bu yolu bundan sonra uğurla davam etdirəcəyinə inanıram.

Mənim üçün isə BDU-nun yeri bir qədər də fərqlidir.

Hər iki valideynim bu universitetin məzunudur. Onların tələbəlik illəri burada keçib. Və maraqlıdır ki, həmin illərdə başlayan münasibət sonradan mənim boya-başa çatdığım ailənin təməlinə çevrilib.

Ona görə Bakı Dövlət Universiteti mənim üçün sadəcə bir universitet deyil. O, həm Azərbaycan təhsilinin böyük bir parçası, həm də ailə tariximin bir hissəsidir.

Universitet insanın həyatında yalnız təhsil aldığı yer deyil. İnsan burada yetişir, formalaşır, dünyagörüşü qazanır və həyatının mühüm istiqamətlərini müəyyənləşdirir.

Bakı Dövlət Universitetinə bundan sonrakı yolunda da uğurlar arzulayıram. Arzu edirəm ki, Azərbaycan təhsilində və dövlətimizin inkişafında bu böyük məktəbin rolu daim qorunsun və BDU yeni nəsillər üçün də öz mayak və flaqman rolunu davam etdirsin.

Araz Əsgərli
Ombudsman Aparatının Mətbuat katibi