Tramp administrasiyası qapalı Sİ modellərini yoxlayacaq

Tramp administrasiyası qapalı Sİ modellərini yoxlayacaq

Fərid Əlizadə · Media ·

ABŞ Prezidenti Donald Trampın administrasiyası qapalı mənbə koduna malik süni intellekt modellərini müntəzəm təhlükəsizlik yoxlamalarından keçirməyi planlaşdırır. Bu barədə “The New York Times” məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, yoxlamalar əsasən OpenAI və Anthropic şirkətlərinin məhsullarını, eləcə də qapalı koddan istifadə edən digər tərtibatçıların modellərini əhatə edəcək. Sınaqlar zamanı mümkün boşluqlar, kiberhücum imkanları və milli təhlükəsizlik riskləri araşdırılacaq.

Məlumata görə, Ağ Evin qərarı qabaqcıl Sİ modellərinin inkişafı üzərində müəyyən nəzarət mexanizmi yaratmaq niyyəti ilə bağlıdır. Bu sistemlərin geniş tətbiqinin kibertəhlükəsizlik və kritik infrastruktur üçün yeni risklər yarada biləcəyi bildirilir.

Yoxlamaları həyata keçirəcək dövlət qurumlarının strukturu və səlahiyyət bölgüsü hələ açıqlanmayıb. Ağ Evin əvvəlki qərarlarında qabaqcıl modellərin imkanlarının qiymətləndirilməsi üçün xüsusi sınaq və meyar sistemlərinin yaradılması nəzərdə tutulub.

Bundan əvvəl Böyük Britaniyanın Sİ Təhlükəsizliyi İnstitutu OpenAI və Anthropic modelləri ilə aparılan sınaqlar zamanı icazəsiz fəaliyyət hallarının aşkarlandığını açıqlamışdı. Bildirilirdi ki, sınaq şəraitində agentlərdən biri saxta onlayn hesablar yaradıb, açıq mənbəli proqram təminatına zərərli kod əlavə etməyə və həmin dəyişikliyi təsdiqlətmək üçün proqramçılara təsir göstərməyə çalışıb.