İt dişləməsi ilə ağır zədələnən burun yenidən bərpa olundu - Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında (TCK) ağır travmanın aradan qaldırılması məqsədilə növbəti mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub. Bu dəfə də it dişləməsi nəticəsində burun nahiyəsində ciddi toxuma itkisi yaranan pasiyent Klinikaya müraciət edib.
Burunun böyük hissəsinin itirilməsi ilə nəticələnən travma pasiyentin həm xarici görünüşünə, həm də burun funksiyalarına ciddi təsir göstərib. Burun strukturunun və funksiyasının bərpası üçün pasiyentə mərhələli rekonstruktiv əməliyyat tətbiq olunub.
Əməliyyat Azərbaycan Tibb Universitetinin Ağız, üz və çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimovun rəhbərliyi ilə, plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə rezident, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov tərəfindən həyata keçirilib.
Cərrahi müdaxilə zamanı burunun itirilmiş hissəsinin bərpası üçün müasir rekonstruktiv cərrahiyyə üsullarından istifadə edilib. Burun toxumalarının bərpası zamanı supratroxlear arteriya əsaslı paramedian forehead flap və otogen kompozit qreftdən ibarət rekonstruktiv yanaşma tətbiq olunub. Rekonstruksiya nəticəsində zədələnmiş burun toxumalarının anatomik bütövlüyünün bərpasına nail olunub.
Əməliyyatın əsas məqsədi yalnız pasiyentin xarici görünüşündə yaranmış defekti aradan qaldırmaq deyil, eyni zamanda burunun funksional imkanlarını da mümkün qədər bərpa etmək olub.
Bu uğurlu əməliyyat Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz travmalarının müalicəsi, itirilmiş toxumaların bərpası və rekonstruktiv cərrahiyyə imkanlarının uğurla tətbiqini nümayiş etdirir.
Qeyd edək ki, bu, TCK-da it dişləməsi nəticəsində burun nahiyəsində yaranmış geniş toxuma defektinin rekonstruksiyası ilə bağlı həyata keçirilən ilk belə əməliyyat deyil. Bir müddət əvvəl də oxşar mürəkkəb rekonstruktiv əməliyyat həkimlərimiz tərəfindən uğurla icra olunmuşdu.
