Göz qapaqları göz almasının mexaniki müdafiəsində, göz yaşı təbəqəsinin göz səthində paylanmasında və normal saxlanılmasında mühüm rol oynayır. Buna görə də göz qapağında rastlaşdığımız törəmələrin müalicəsi yalnız şişin tam xaric edilməsini deyil, eyni zamanda qapağın anatomik mövqeyinin, göz almasına düzgün appozisiyasının və qoruyucu funksiyasının mümkün qədər bərpasını tələb edir.
Periokulyar törəmələri vaxtında dəyərləndirmək çox önəmlidir. Çünki bu törəmələr bədxassəli olarsa, o zaman residiv verə və müəyyən hallarda regional yayılma potensialına malik ola bilərlər. Bu səbəbdən şübhəli göz qapağı törəmələrinin erkən tanınması və histopatoloji dəyərləndirilməsi ilə birlikdə adekvat cərrahi müalicəsi vacibdir. Xüsusilə uzun müddət sağalmayan, residivləşən və ya tədricən dəyişən göz qapağı yarası klinisist üçün neoplastik proses ehtimalını düşündürməlidir. Göz qapağı törəmələrinin cərrahi götürülməsi zamanı mütləq diqqətə alacağımız ikinci məqam əməliyyatdan sonrakı dövrdə göz almasını xüsusilə buynuz qişanı zədələyəcək amillərin yaranmamasıdır. Bu səbəbdən, törəmənin radikal götürülməsindən sonra yaranan defektin ölçüsü və lokalizasiyası rekonstruksiya üsulunun seçilməsini müəyyən edir. Kiçik defektlər birincili bağlana bildiyi halda, daha geniş defektlərdə lokal fleblər, greftlər və ya kombinə olunmuş rekonstruktiv üsullar tələb oluna bilər.
Təqdim etdiyimiz klinik halın məqsədi sağ alt göz qapağının törəməsinin radikal eksiziyasından sonra yaranmış defektin “Mustardé” üsulu ilə rekonstruksiyasının klinik nəticəsini nümayiş etdirməkdir.
Xəstə (73 yaş qadın) sağ alt göz qapağında təxminən iki il ərzində sağalmayan yara şikayəti ilə müraciət edib. Klinik müayinə zamanı sağ alt göz qapağında patoloji törəmə sahəsi müəyyən olunub
Klinik əlamətlər və prosesin uzunmüddətli davam etməsi nəzərə alınaraq cərrahi müalicəyə qərar verilib.
Əməliyyat zamanı sağ alt göz qapağının törəməsi radikal şəkildə götürülüb. Onkoloji rezeksiya nəticəsində yaranan göz qapağı defektinin birincili bağlanmasının funksional və anatomik baxımdan optimal olmadığı nəzərə alınaraq “Mustardé” üsulu ilə rekonstruksiya tətbiq edilib. Bu üsul əməliyyat zamanı flebin düzgün istiqamətləndirilməsi və gərginliyin azaldılması postoperativ alt qapaq retraksiyası və ektropion riskinin minimuma endirilməsi baxımından çox əhəmiyyətlidir.
Eyni zamanda götürülən material histopatoloji müayinəyə göndərilib. Histopatoloji müayinənin nəticəsi yastı hüceyrəli karsinoma diaqnozunu təsdiq edib.
Erkən postoperativ dövrdə rekonstruksiya edilmiş alt göz qapağının anatomik vəziyyəti qənaətbəxş olub
Alt göz qapağının bədxassəli törəmələrinin cərrahi müalicəsində iki prinsip paralel şəkildə nəzərə alınmalıdır: onkoloji radikallıq və funksional rekonstruksiya.Şiş toxumasının adekvat sərhədlərlə xaric edilməsi residiv riskinin azaldılması baxımından əsas məqsəddir. Lakin geniş eksiziya nəticəsində yaranan defekt göz qapağının normal anatomiyasını poza və göz səthinin müdafiəsini zəiflədə bilər. Buna görə rekonstruksiya sadəcə kosmetik deyil, eyni zamanda funksional xarakter daşıyır. Müasir rekonstruktiv yanaşmalarda flebin kifayət qədər mobilizasiyası, gərginliyin azaldılması və lateral periostal fiksasiya kimi prinsiplər alt göz qapağının vertikal retraksiyasının qarşısının alınmasında əhəmiyyətlidir.
Qurban İsmayılov
ATU-nun Oftalmologiya kafedrasının dosenti, Tədris Cərrahiyyə klinikasının Oftalmologiya şöbəsinin müdiri

Göz qapağı törəməsinin dəyərləndirilməsi və cərrahi rekonstruksiyası: klinik hal
Aytac Dəniz · Səhiyyə ·