Kardiologiyada innovativ texnologiyalar: Azərbaycan nümayəndə heyəti Almaniyada

Kardiologiyada innovativ texnologiyalar: Azərbaycan nümayəndə heyəti Almaniyada

Aytac Dəniz · Səhiyyə ·

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova rəhbərliyində nümayəndə heyəti Almaniyada kardiologiya və tibbi texnologiyalar sahəsində aparıcı yeniliklərlə tanış olub.

Səfər çərçivəsində Siemens Healthineers-in Forchheim şəhərində yerləşən innovasiya və istehsal mərkəzində müasir KT və MRT texnologiyaları, süni intellekt əsaslı görüntüləmə imkanları, həmçinin yeni nəsil foton sayğaclı sensor texnologiyaları təqdim edilib.

Nümayəndə heyəti Erlangen Universitet Klinikasında kardiologiya, angioqrafiya, radiologiya və müasir görüntüləmə sistemləri ilə də tanış olub.

Səfərin əsas istiqamətlərindən biri müasir tibbi texnologiyaların Azərbaycanda kardiologiyanın inkişafına tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi olub. Münhen şəhərində keçirilən görüşlərdə Siemens Healthineers rəhbərliyi ilə müasir kardiologiyanın gələcəyi, innovativ texnologiyalar və ürək-damar xəstəliklərinin erkən aşkarlanması imkanları müzakirə edilib.

Professor Gülnaz Dadaşova qeyd edib ki, bu cür beynəlxalq təcrübə mübadiləsi Azərbaycanda kardioloji xidmətlərin daha da inkişaf etdirilməsi və ən müasir texnologiyaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.