Səudiyyə Ərəbistanının baş müftisi Şeyx Saleh bin Fövzan əl-Fövzan ölkə sərhədlərinin və İslamın müqəddəs məkanlarının müdafiəsini ən mühüm dini vəzifələrdən biri adlandırıb. O, sərhəddə xidmət edən Səudiyyə hərbçilərinə və koalisiya qüvvələrinə müraciət edərək husilərə qarşı birlik nümayiş etdirməyə çağırıb. Bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, əl-Fövzan husiləri "şər dəstəsi" və "düşmənlərin fitnəsi" adlandırıb. O, qrupun Yəməndə ölkəni və cəmiyyəti parçaladığını iddia edərək koalisiya qüvvələrini husilərə qarşı mübarizəni davam etdirməyə səsləyib.
Baş müfti Səudiyyə Ərəbistanının sərhədlərinin, Məkkə və Mədinədəki müqəddəs məkanların qorunmasının xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, ölkəyə qarşı hücumların dəf edilməsi və ərazi bütövlüyünün qorunması dini baxımdan böyük vəzifə hesab olunur.
Əl-Fövzan həmçinin Yəməndə beynəlxalq səviyyədə tanınan hökumətin hakimiyyətinin və ölkədə təhlükəsizliyin bərpa olunmasını təxirəsalınmaz vəzifə adlandırıb. O, husilərin və onları dəstəkləyən qüvvələrin məğlub edilməsinə çağırıb.
