ABŞ Prezidenti Donald Tramp İranın yeddi günlük atəşkəs təklifini rədd edib və köməkçilərinə noyabrda keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı bombardmanların yenidən başlaya biləcəyini bildirib. Bu barədə ABŞ rəsmilərinə istinadən The Wall Street Journal məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Tehranın təklifinə əsasən, İran Hörmüz boğazını yenidən tam açmağa və nüvə danışıqlarını bərpa etməyə hazır olduğunu bildirib. Bunun müqabilində ABŞ-dan İran limanlarına tətbiq edilən blokadanın aradan qaldırılması və ölkəyə qarşı iqtisadi təzyiqin yumşaldılması tələb olunub.
Məlumata görə, Tramp İranın ABŞ-ın əsas tələblərini qəbul edəcəyinə şübhə ilə yanaşır. Vaşinqton xüsusilə Tehranın nüvə proqramının əsas elementlərinin ləğv edilməsini istəyir və mövcud iqtisadi təzyiqi danışıqlarda əsas rıçaqlardan biri kimi saxlamağa çalışır.
İran tərəfi isə Hörmüz boğazına çıxışı və regional enerji daşımalarına təsir imkanını özünün əsas danışıqlar vasitələrindən biri hesab edir. Tərəflər arasında diplomatik əlaqələr tam dayanmasa da, atəşkəs və daha geniş razılaşma üzrə əsas fikir ayrılıqları qalmaqdadır.
