Sənədlərdə adı keçən, Epşteynin 5 milyon dollarlıq varisi intihar etdi

Sənədlərdə adı keçən, Epşteynin 5 milyon dollarlıq varisi intihar etdi

Aytac Dəniz · Media ·

Norveçli diplomatlar Mona Yuul və Terce Röd-Larsenin 25 yaşlı oğlu Edvard Yuul Röd-Larsen Osloda ölü tapılıb.

Redaksiya Dagbladet və New York Post-a istinadla xəbər verir ki, Norveç mediası onun intihar etdiyini yazıb. Ailənin vəkilləri Tomas Skcelbred və Con Kristian Elden ölüm faktını təsdiqləyiblər.

Edvard Yuul Röd-Larsenin adı Cefri Epşteynlə bağlı sənədlərdə hallanırdı. Daha əvvəl Norveç mediası yazmışdı ki, Epşteyn ölümündən iki gün əvvəl imzaladığı vəsiyyətnamədə Mona Yuul və Terce Röd-Larsenin iki övladına ümumilikdə 10 milyon dollar ayırıb. Bu məbləğin hər uşağa 5 milyon dollar olaraq nəzərdə tutulduğu bildirilirdi.

Mona Yuul Norveçin tanınmış diplomatlarından biridir. O, daha əvvəl İsrail-Fələstin sülh prosesi ilə bağlı Oslo razılaşmaları dövründə ön planda olub və son olaraq Norveçin İordaniya və İraqdakı səfiri vəzifəsində çalışıb. Epşteynlə əlaqələri üzə çıxandan sonra Yuul səfir vəzifəsindən istefa verib.

Terce Röd-Larsen də Oslo razılaşmalarının əsas simalarından biri kimi tanınır. O, uzun illər BMT və beynəlxalq diplomatiya strukturlarında çalışıb. Daha sonra Beynəlxalq Sülh İnstitutuna rəhbərlik edib.

Norveçin iqtisadi cinayətlərlə mübarizə qurumu Okokrim fevral ayında Mona Yuul və Terce Röd-Larsenlə bağlı araşdırma başladığını açıqlamışdı. Yuul ağır korrupsiya, Röd-Larsen isə ağır korrupsiyaya yardım ittihamı üzrə araşdırılır. Hər iki tərəf ittihamları rədd edir.

Araşdırmanın əsas xətti onların Cefri Epşteynlə əlaqələri, maliyyə münasibətləri və Epşteynin ailə ilə bağlı vəsiyyətnaməsidir. AP-nin məlumatına görə, Norveç Xarici İşlər Nazirliyi də Yuulun Epşteynlə kontaktlarını “ciddi mühakimə səhvi” kimi qiymətləndirib.

Norveç mediası yazır ki, Edvard Yuul Röd-Larsen son aylarda Epşteyn işi ilə bağlı ictimai diqqətin mərkəzinə düşmüşdü. Onun adı vəsiyyətnamə, ailənin Epşteynlə əlaqələri və ABŞ-da təhsil müraciətləri ilə bağlı yazışmalarda çəkilirdi.

Ailənin vəkilləri isə mediada aylarla davam edən materialları sərt tənqid ediblər. Onlar bunun ailə üzərində ağır psixoloji təzyiq yaratdığını bildiriblər. Bununla belə, ölüm faktı ilə bağlı hüquqi və ictimai müzakirələr hələ davam edir.

Hadisə Norveçdə Epşteyn qalmaqalının ən ağır şəxsi nəticələrindən biri kimi qiymətləndirilir. Məsələ artıq yalnız korrupsiya, diplomatik əlaqələr və vəsiyyətnamə mübahisəsi deyil, həm də ictimai təzyiq, media etikası və böyük beynəlxalq qalmaqalların ailə üzvlərinə təsiri ilə bağlı suallar doğurur.