Google Android cihazlarında təsdiqlənməmiş mənbələrdən APK fayllarının quraşdırılmasını daha sərt qaydalarla məhdudlaşdırmağa hazırlaşır. Yeni sistemdə istifadəçilər belə tətbiqləri quraşdırmaq üçün əvvəlcə xüsusi rejimi aktivləşdirməli olacaqlar.
Redaksiya xəbər verir ki, təsdiqlənməmiş tərtibatçıdan proqram quraşdırmaq istəyən istifadəçidən əlavə təhlükəsizlik mərhələsindən keçmək tələb olunacaq. Bundan sonra APK-nın quraşdırılmasına icazə verilməsi üçün 24 saatlıq gözləmə müddəti tətbiq ediləcək.
Dəyişiklik Android Developer Verification sisteminin bir hissəsi kimi təqdim olunur. Məqsəd zərərli proqramların və etibarsız mənbələrdən yayılan tətbiqlərin istifadəçilərə çatmasını çətinləşdirməkdir.
Bununla belə, təcrübəli istifadəçilər üçün üçüncü tərəf APK-larının quraşdırılması tam bağlanmayacaq. ADB vasitəsilə edilən quraşdırmaların da yeni məhdudiyyətlərdən təsirlənməyəcəyi bildirilir.
