Yüksək vəzifəli İsrail rəsmisi ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın Vaşinqtonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Suriya hakimiyyətinin maraqlarını müdafiə edən şəxs kimi qəbul edildiyini iddia edib. Bu barədə Ynet məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, İsrail rəsmisinin sözlərinə görə, Barrak İsrailin təhlükəsizlik həssaslıqlarını kifayət qədər nəzərə almır və əsas diqqəti ABŞ-nin Suriyadan əldə edə biləcəyi mümkün siyasi və iqtisadi faydalara yönəldir.
Rəsmi Barrakın klassik mənada İsrail əleyhdarı olmadığını, lakin regional məsələlərə İsrailin baxış bucağından yanaşmadığını bildirib.
Mənbənin iddiasına görə, İsrailin Baş naziri Benyamin Netanyahu da Barrakın fəaliyyətindən narazıdır. Netanyahu Barrakın ABŞ Prezidenti Donald Trampın Suriya rəhbərliyinə dəstəyinin və Tramp ilə Ərdoğan arasında əlaqələrin güclənməsinin arxasında duran əsas şəxslərdən biri olduğunu düşünür.
Açıqlamada səsləndirilən fikirlər adı açıqlanmayan İsrail rəsmisinin qiymətləndirməsidir. Tom Barrakın bu ittihamlara münasibəti barədə məlumat verilməyib.
