Türkiyənin xarici işlər naziri Hakan Fidan regiondakı son hadisələrlə bağlı Misirin xarici işlər naziri Bədr Əbdülati və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səudla telefon danışığı aparıb.
Redaksiya xəbər verir ki, danışıqlarda Qəzza üzrə sülh planının həyata keçirilməsi zamanı yaranan maneələr və bu problemlərin aradan qaldırılması üçün atıla biləcək addımlar müzakirə olunub.
Fidan həmkarları ilə Suriyadakı son vəziyyəti də nəzərdən keçirib. Tərəflər Suriyada sülh və sabitliyin bərqərar olunmasına güclü dəstəklərini bir daha ifadə ediblər.
Telefon danışıqlarında Hörmüz boğazındakı vəziyyət və münaqişədə iştirak edən ölkələr arasında davam edən danışıqlardakı son proseslər də qiymətləndirilib.
Fidan Türkiyə, Misir və Səudiyyə Ərəbistanının regionda sülh və rifahın təmin olunmasını istədiyini vurğulayaraq, üç ölkənin bütün sahələrdə əməkdaşlıq və koordinasiyanı gücləndirməyə davam edəcəyini bildirib.
