Rusiya Müdafiə Nazirliyi Kiyevdə yerləşən NewTelco və United DC məlumat mərkəzlərinin pilotsuz uçuş aparatları ilə vurulduğunu açıqlayıb. Moskva bu obyektlərin Ukrayna Müdafiə Nazirliyi və xüsusi xidmət orqanlarının maraqları üçün istifadə edildiyini iddia edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 0
Redaksiya istinadla xəbər verir ki, Rusiya tərəfinin iddiasına əsasən, NewTelco Ukrayna hərbi strukturlarının internet trafikinin mübadiləsində mühüm rol oynayıb, United DC isə məlumatların emalı, ötürülməsi və beynəlxalq rabitənin təmin edilməsində istifadə olunub. Ukrayna mənbələri hücumdan sonra Kiyevdə məlumat mərkəzlərindən birinin zədələndiyini və bəzi internet provayderlərinin xidmətlərində fasilələrin yarandığını təsdiqləyiblər, lakin obyektlərin hərbi təyinatı barədə Moskvanın iddiasını təsdiqləməyiblər. 1
Rusiya Müdafiə Nazirliyi həmçinin Odessa və Çornomorsk istiqamətində Ukraynaya Avropa ölkələrindən gətirilən hərbi yüklərin saxlanıldığı və bölüşdürüldüyü bildirilən iki logistika obyektinin vurulduğunu açıqlayıb.
Moskvanın məlumatına görə, zərbələr Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə edildiyi iddia olunan məlumat mərkəzləri, logistika qovşaqları və anbar terminallarına endirilib. Bu obyektlərin hərbi istifadəsi və dəymiş ziyanın miqyası barədə Rusiya tərəfinin bütün iddiaları müstəqil şəkildə təsdiqlənməyib.
