Türkiyə və İraq Mosul yaxınlığındakı Bəşika-Zilkan hərbi bazasının mərhələli şəkildə İraq hökumətinə təhvil verilməsi barədə razılığa gəliblər. Qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İraqın Baş naziri Əli əl-Zaidi arasında Nyu-Yorkda, BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşdən sonra qəbul edilib. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, tərəflərin birgə bəyanatına əsasən, türk qüvvələri razılaşdırılmış mexanizm və qrafik üzrə bazanı İraqın federal hökumətinə tədricən təhvil verəcək. Reuters-ə danışan iraqlı hərbi komandir Bəşika düşərgəsindən və Mosul yaxınlığındakı daha bir kiçik bazadan türk hərbçilərinin mərhələli çıxarılmasının 2026-cı ilin sonunadək başa çatmasının gözlənildiyini bildirib. Türkiyə tərəfi bu müddətlə bağlı ayrıca açıqlama verməyib.
Ankara və Bağdad Sincarda İraq dövlətinin tam hakimiyyətinin bərpa olunması və bölgədə qanunsuz xarici silahlı birləşmələrin mövcudluğuna son qoyulması barədə də razılığa gəliblər. Bu ifadənin əsasən PKK və onunla əlaqəli silahlı qruplara aid olduğu bildirilir.
Türkiyə Bəşika-Zilkan bazasında qüvvələrini 2015-ci ildə yerləşdirib. Ankara bunun İŞİD-ə qarşı mübarizəyə hazırlaşan İraq qüvvələri və yerli silahlı dəstələrin təlimi və müdafiəsi məqsədi daşıdığını bildirirdi. Bağdad isə uzun müddət Türkiyənin daimi hərbi mövcudluğunu ölkənin suverenliyinin pozulması kimi qiymətləndirərək qüvvələrin çıxarılmasını tələb edib.
