ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı bəzi rəsmilər onun adının federal tarixi obyektlərə verilməsi imkanını müzakirə edirlər. Nəzərdən keçirilən məkanlar arasında 1865-ci ildə Prezident Abraham Linkolnun qətlə yetirildiyi Vaşinqtondakı Ford Teatrının da olduğu bildirilir. Bu barədə MS NOW məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, təşəbbüsün nə dərəcədə ciddi şəkildə nəzərdən keçirildiyi və administrasiyanın bu istiqamətdə konkret qərar qəbul edib-etmədiyi hələ aydın deyil. Məlumatlı mənbələr ideyanın administrasiya daxilində müzakirə olunduğunu bildiriblər.
Ford Teatrı ABŞ Daxili İşlər Nazirliyinin idarə etdiyi federal tarixi obyektdir və onun rəsmi adı federal qanunvericiliklə müəyyənləşdirilib. Buna görə də Trampın adının teatra əlavə olunması və ya obyektin adının dəyişdirilməsi üçün Konqresin qanunvericilik təsdiqinin tələb oluna biləcəyi bildirilir.
Ford Teatrı ABŞ tarixində xüsusi simvolik əhəmiyyət daşıyır. Prezident Abraham Linkoln 14 aprel 1865-ci ildə burada tamaşaya baxarkən Con Uilks But tərəfindən güllələnib və ertəsi gün aldığı yaradan vəfat edib.
