Hakerlər Peskovun Tokayevlə bağlı yazışmalarını yayıblar

Hakerlər Peskovun Tokayevlə bağlı yazışmalarını yayıblar

Nizami Salmanov · Media ·

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyulun 25-də Omskda Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Ukraynadakı müharibənin dondurulmasını və danışıqların bərpasını təklif edib. Tokayev müharibədə gənclərin həlak olduğunu bildirərək prosesin dayandırılmasının vacibliyini vurğulayıb. Bu barədə Kremlin yaydığı görüntülərə əsaslanan bir sıra media orqanları məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, sonradan Black Mirror adlı haker qrupu Rusiya rəsmilərinə aid olduğu iddia edilən yazışmaları yayımlayıb. Həmin materiallarda Tokayevin çıxışının Kreml üçün gözlənilməz olduğu və onun əvvəlcədən razılaşdırılmadığı iddia edilir. Yazışmaların həqiqiliyi müstəqil şəkildə tam təsdiqlənməyib.

Yayılan materiallara əsasən, Tokayevin açıq şəkildə müharibənin dondurulmasını təklif etməsi Rusiya rəhbərliyində narazılıq doğurub. Bununla belə, Vladimir Putinin şəxsən bu çıxışdan qəzəbləndiyini təsdiqləyən rəsmi açıqlama yoxdur və bu barədə məlumatlar hakerlərin yaydığı yazışmalardakı iddialara əsaslanır.

Tokayevin çıxışından bir neçə saat sonra Kremlin sözçüsü Dmitri Peskov müharibənin dondurulmasının mümkün olmadığını bildirib və bunu Kiyevin mövqeyi ilə əlaqələndirib. O, Rusiyanın əsas məqsədlərinə çatmalı olduğunu vurğulayıb.