İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda İsveçrə Prezidenti Gi Parmelenlə görüşü zamanı ona "Amerikanın İran xalqına yardımı" adlı kitabça təqdim edib. Kitabçada ABŞ-ın İrandakı mülki hədəflərə hücumları nəticəsində dəymiş ziyanın əks olunduğu fotoların yer aldığı bildirilir. Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, kitabçada ABŞ-ın İrana qarşı hərbi əməliyyatları ilə yanaşı, sanksiyalar, iranlı alim və komandirlərin öldürülməsi ilə bağlı materiallar da yer alıb. İran tərəfi nəşri ABŞ siyasətinin ölkəyə təsirlərini göstərən sənəd kimi təqdim edib.
Pezeşkian kitabçanı İsveçrə Prezidentinə BMT Baş Assambleyası çərçivəsində keçirilən görüş zamanı verib. İsveçrə uzun illərdir ABŞ-ın İrandakı diplomatik maraqlarını təmsil edən ölkə kimi Tehranla Vaşinqton arasında vasitəçi kanallardan biri hesab olunur.
İran hakimiyyəti son aylarda ABŞ-ın hərbi əməliyyatlarını beynəlxalq platformalarda sərt şəkildə tənqid edir. Vaşinqton isə əməliyyatların hərbi və strateji hədəflərə qarşı yönəldiyini bildirib.
