BMT-nin Baş katibi Antonio Quterreş Fələstin-İsrail məsələsində təşkilatın qərəzli davranması ilə bağlı ittihamları tamamilə rədd edib.
Redaksiya xəbər verir ki, Quterreş BMT-nin mövqeyini Yaxın Şərqdə sülhün təmin olunması və iki xalqın yanaşı yaşamasına imkan yaradılması üçün zəruri hesab etdiyini bildirib.
O, bölgədə milyonlarla insandan ibarət iki xalqın mövcud olduğunu və tərəflərdən birinin digərini aradan qaldırmasının mümkün olmadığını vurğulayıb.
Quterreş bildirib ki, buna görə də əsas məqsəd barışığın əldə olunması və iki xalq arasında uzunmüddətli sülhün yaradılması olmalıdır. O, BMT-nin bu istiqamətdə fəaliyyət göstərməsini “tarixin doğru tərəfində olmaq” kimi qiymətləndirib.
