Çin alimləri qida borusu xərçənginin skrininqi üçün "Damo Eagle" adlı süni intellekt modeli hazırlayıblar.
Bu barədə texnologiya korporasiyası "Alibaba" məlumat yayıb.
Model "Alibaba"nın elmi-tədqiqat bölməsi olan "Damo" Akademiyası, Sıçuan əyalətinin Onkoloji Xəstəxanası və Sun Yat-sen Universitetinin Onkoloji Mərkəzi tərəfindən birgə hazırlanıb.
Bildirilir ki, "Damo Eagle" modelindən istifadə zamanı intubasiya və ya kontrast maddənin yeridilməsi tələb olunmur. Süni intellekt qida borusu xərçəngi riskini, o cümlədən xəstəliyin erkən mərhələlərini və xərçəngönü dəyişiklikləri müəyyən etmək üçün standart döş qəfəsi kompüter tomoqrafiyasının nəticələrini təhlil edir.
Modelin qida borusu xərçəngi hallarını düzgün müəyyənləşdirmə həssaslığı 90 faizə, çox zəif əlamətlərlə müşahidə olunan xərçəngönü dəyişikliklər zamanı isə 52,5 faizə çatır. Modelin spesifikliyi, yəni xəstə olmayan şəxsləri düzgün şəkildə sağlam kimi müəyyənləşdirmə göstəricisi isə 99,2 faizdir. "Damo Eagle" modeli üç ölkədə 80 mindən çox tibbi hal üzərində sınaqdan keçirilib.
Çinin Milli Onkoloji Mərkəzinin statistikasına görə, ölkədə hər il təxminən 220 min yeni qida borusu xərçəngi halı qeydə alınır. Bu xəstəlikdən ölənlərin sayı isə ildə təxminən 190 min nəfər təşkil edir.
Report
