Qarabağın rəsmi toponimləri beynəlxalq rəqəmsal xəritədə yenilənib

Qarabağın rəsmi toponimləri beynəlxalq rəqəmsal xəritədə yenilənib

Aytac Dəniz · İqtisadiyyat ·

AZCON Holding şirkətlərindən olan “Azərkosmos”un təşəbbüsü nəticəsində beynəlxalq peyk məlumatları və analitika şirkəti “EOS Data Analytics”in təqdim etdiyi Qarabağ ərazisini əhatə edən baza xəritəsi yenilənib. Yenilənmə çərçivəsində Qarabağda yerləşən yaşayış məntəqələrinin əvvəllər erməni dilində göstərilən adları Azərbaycanın rəsmi toponimləri ilə əvəzlənib.

Bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyindən (“Azərkosmos”) bildirilib.

Məlumata əsasən, “Azərkosmos”un komandası baza xəritəsində aktual olmayan yaşayış məntəqəsi adlarını müəyyən edərək “EOS Data Analytics” komandasına müraciət edib. Müraciət zamanı Azərbaycanın rəsmi Açıq Məlumatlar Portalında (Opendata.az) dərc olunan məlumatlar, eləcə də yaşayış məntəqələrinin rəsmi adlarını təsdiqləyən müvafiq məlumat bazası qarşı tərəfə təqdim edilib.

Təxminən 11 ay davam edən əməkdaşlıq və məlumat mübadiləsi nəticəsində “EOS Data Analytics”in məhsul komandası təqdim olunan rəsmi məlumatları nəzərdən keçirərək Qarabağ ərazisini əhatə edən xəritədə müvafiq yenilənmələri həyata keçirib.

Nəticədə, Xankəndi, Xocavənd, Ağdərə, Suqovuşan və Qarabağ bölgəsində yerləşən digər yaşayış məntəqələrinin rəsmi adları rəqəmsal xəritədə düzgün əks olunub.

Bu təşəbbüs Azərbaycanın rəsmi coğrafi adlarının beynəlxalq rəqəmsal xəritələrdə düzgün təqdim edilməsinə və qlobal istifadəçilərin ölkəmiz haqqında aktual, etibarlı məkan məlumatları əldə etməsinə töhfə verir. Yenilənmə, həmçinin rəsmi açıq məlumatların beynəlxalq xəritələrdəki məlumatların dəqiqliyinin artırılmasında mühüm rol oynadığını nümayiş etdirir.

Qeyd edək ki, “EOS Data Analytics” süni intellekt əsasında peyk məlumatlarının təhlili üzrə xidmətlər göstərən və bu sahədə ən çox istifadəçi sayı olan beynəlxalq şirkətlərdəndir. Şirkət “EOS SAT-1” peyki və 20-dən çox tərəfdaş peyk qruplaşmasından əldə edilən məlumatları təhlil edərək müxtəlif sahələrdə qərarların qəbuluna xidmət edən analitik həllər təqdim edir.