Azərbaycanda qida məhsullarının idxalı və satışı ilə məşğul olan “Merano-Baku” ASC 2026-cı ilin ilk yarısında səhmdarına 1 milyon 228,8 min manat dividend elan edib.
“Merano-Baku”nun 100%-lik səhmdarı Namiq Xanis oğlu Əsgərovdur. O, şirkətin ümumi nominal dəyəri 100 min manat olan 10 ədəd adi səhminə sahibdir.
Şirkətin başqa səhmdarı olmadığı üçün 2026-cı ilin ilk yarısı üzrə elan edilmiş 1 milyon 228 min 755 manat dividend tam həcmdə Namiq Əsgərovun payına düşür.
Müqayisə üçün, “Merano-Baku” 2025-ci ildə 803 min 488 manat, 2024-cü ildə isə 1 milyon 547 min manat dividend elan edib.
Beləliklə, 2024-cü il, 2025-ci il və 2026-cı ilin ilk yarısı üzrə şirkətin elan etdiyi dividendlərin ümumi məbləği 3 milyon 579 min 244 manat təşkil edir.
Maliyyə hesabatına əsasən, “Merano-Baku” 2026-cı ilin ilk yarısını 1 milyon 597,2 min manat xalis mənfəətlə başa vurub. Şirkətin 2025-ci il üzrə xalis mənfəəti 3 milyon 541,2 min manat, 2024-cü ildə isə 1 milyon 939,3 min manat olub.
2026-cı il iyunun 30-na şirkətin bölüşdürülməmiş mənfəəti 6 milyon 20,1 min manat, cəmi kapitalı isə 6 milyon 220,1 min manat təşkil edib.
Qeyd edək ki, “Merano-Baku” 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkət 18 kateqoriya üzrə 200-dən çox qida məhsulunun idxalı və satışı ilə məşğuldur. Şirkət ABŞ, Almaniya, İtaliya, İspaniya, Rusiya, Türkiyə, BƏƏ, Polşa, Belçika, Belarus, Hindistan, Tailand və digər ölkələrdən məhsullar idxal edir. “Merano-Baku”nun idxal etdiyi məhsullar arasında bitki və kərə yağları, pendir, qara və yaşıl çay, ət və dəniz məhsulları, tomat və mayonez, eləcə də meyvə-tərəvəz məhsulları yer alır. (plat.az)
