Rusiya Prezidenti Vladimir Putin Moskvanın nəzarətində olan, lakin Yaponiyanın da ərazi iddiası irəli sürdüyü İturup adasına səfər edib. Yaponiya adanı Etorofu adlandırır və onu özünün Şimal ərazilərinin bir hissəsi hesab edir. Bu barədə Associated Press məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Putin səfər zamanı balıq emalı müəssisəsinə, xəstəxanaya və məktəbə baş çəkib, həmçinin Saxalin vilayətinin qubernatoru Valeri Limarenko ilə görüşüb. Rusiya dövlət mediası bunu Putinin Kuril adalarına ilk səfəri kimi təqdim edib.
Yaponiyanın xarici işlər naziri Tosimitsu Motegi Tokionun səfərə sərt etiraz etdiyini bildirib. O, Etorofu da daxil olmaqla Şimal ərazilərinin həm tarixi baxımdan, həm də beynəlxalq hüquqa əsasən Yaponiyanın ayrılmaz ərazisi olduğunu bəyan edib.
Yaponiya Kuril silsiləsinin cənubundakı dörd ada üzərində suverenlik iddiasını davam etdirir. Sovet İttifaqı bu adaları İkinci Dünya müharibəsinin son günlərində nəzarətə götürüb. Ərazi mübahisəsi Moskva və Tokionun İkinci Dünya müharibəsindən sonra rəsmi sülh müqaviləsi imzalamasına indiyədək mane olub.
Putinin İturupa səfəri Rusiyanın Uzaq Şərqdə keçirdiyi hərbi dəniz təlimlərindən sonra baş tutub. Rusiya lideri bundan əvvəl Saxalin adasında Sakit Okean Donanmasının təlimlərinin yekun mərhələsini izləyib.
