Ukrayna müharibəsi Kadırovun Çeçenistandakı hakimiyyətini möhkəmləndirib

Ukrayna müharibəsi Kadırovun Çeçenistandakı hakimiyyətini möhkəmləndirib

Könül Məmmədova · Media ·

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna müharibəsindən respublika daxilində hakimiyyətini möhkəmləndirmək üçün istifadə edir. Bildirilir ki, Kadırov bir tərəfdən Moskvaya hərbi sədaqət nümayiş etdirir, digər tərəfdən isə Çeçenistan əhalisini genişmiqyaslı səfərbərlikdən qorumağa və döyüşlər üçün əsasən kənardan şəxsi heyət cəlb etməyə çalışır. Bu barədə Clash Report məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Kadırov Çeçenistandan 70 mindən çox şəxsin Ukraynadakı müharibəyə göndərildiyini açıqlayıb. Bununla belə, müstəqil məlumatlarda çeçenlərin Rusiya ordusunun ümumi döyüş itkilərində çox kiçik paya malik olduğu bildirilir. Nəşr bunu Kadırovun yerli qüvvələri qorumağa yönəlmiş siyasəti ilə əlaqələndirir.

Məlumata görə, Ukraynaya göndərilən əsas çeçen birləşmələrindən olan Axmat xüsusi təyinatlı qüvvələrinin şəxsi heyətinin təxminən dörddə üçü etnik çeçenlərdən ibarət deyil. Bu şəxslərin Moskvadan Qroznıya ayrılan federal vəsait hesabına müqavilə əsasında cəlb edildiyi qeyd olunur. Bu mexanizmin Kadırova özünə sadiq yerli qüvvələri qoruyaraq Kremlin qarşısında hərbi öhdəliklərini yerinə yetirməyə imkan verdiyi bildirilir.

Nəşr həmçinin müharibənin Çeçenistan daxilində siyasi təzyiq vasitəsinə çevrildiyini yazır. İddialara görə, siyasi rəqiblər, müxalif şəxslərin yaxınları, müxtəlif hüquq pozuntularında ittiham olunan şəxslər və hakimiyyət üçün arzuolunmaz hesab edilən digər insanlar hərbi müqavilə imzalamağa məcbur edilə bilər. Yerli polis rəhbərlərinə hər ay müəyyən sayda şəxsin Müdafiə Nazirliyi ilə müqavilə bağlamasını təmin etmək üçün tapşırıqlar verildiyi də iddia olunur.

Məqalədə cəbhəyə göndərilməkdən yayınmaq istəyən bəzi şəxslərdən 6 min dollara qədər pul tələb olunduğu bildirilir. Hakimiyyətə sədaqətsizlikdə şübhəli bilinən nüfuzlu şəxslərin də hərbi vəzifələrə göndərilməklə Çeçenistan daxilində siyasi proseslərdən uzaqlaşdırıldığı iddia edilir.

Clash Report qeyd edir ki, Çeçenistan cəmiyyətində Moskva üçün döyüşməyə münasibət mənfidir. Bunun əsas səbəblərindən biri 1994-2009-cu illərdə baş vermiş Çeçenistan müharibələrinin ağır xatirələridir. Kadırovun ümumi səfərbərliyin qarşısını almaqla özünü yerli əhalinin müdafiəçisi kimi təqdim etdiyi bildirilir.

Nəşrin məlumatına görə, Ukrayna müharibəsi Kadırova federal maliyyə dəstəyini qorumaq, daxili rəqiblərini zəiflətmək və Şimali Qafqazdakı siyasi hakimiyyətini möhkəmləndirmək üçün əlavə imkanlar yaradıb.