Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Tsinpinin ABŞ Prezidenti Donald Trampla münasibətləri fonunda ona qarşı qısqanclıq hiss edib-etmədiyi barədə suala cavab verib. Putin siyasətdə belə bir anlayışın tətbiq edilməsinin düzgün olmadığını bildirib. Bu barədə Rusiya mediası məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Putin Moskvanın Pekinlə münasibətlərini ayrıca strateji tərəfdaşlıq kimi qiymətləndirdiyini və Çin rəhbərliyinin digər ölkələrlə əlaqələrinin Rusiya-Çin münasibətlərinə qarşı qoyulmamalı olduğunu bildirib.
Rusiya Prezidenti ABŞ və Çin arasında danışıqların aparılmasını müsbət qarşıladıqlarını da qeyd edib. Onun sözlərinə görə, dünyanın iki böyük iqtisadiyyatı arasında dialoqun davam etməsi beynəlxalq sabitlik baxımından əhəmiyyətlidir.
Putin Rusiya ilə Çin arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. O, Moskvanın Vaşinqtonla Pekin arasında əldə edilə biləcək razılaşmalara qarşı olmadığını və tərəflər arasında danışıqların davam etməsini alqışladığını bildirib.
