Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə ilə münasibətlərin həssas olduğunu və tarixin yükünü daşıdığını bildirib. O, mövcud regional çağırışlar fonunda Ankara və Afinanın münasibətlərin gələcəyi ilə bağlı təcili şəkildə ortaq anlaşmaya gəlməsinin vacibliyini vurğulayıb. Bu barədə Yunanıstan Baş nazirinin ofisi məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Mitsotakis belə bir anlaşmanın beynəlxalq hüquqa tam hörmətə və mehriban qonşuluq prinsiplərinə əsaslanmalı olduğunu deyib. Onun sözlərinə görə, iki ölkə coğrafiyanı dəyişə bilməz və yanaşı yaşamaq onların taleyidir.
Yunanıstanın Baş naziri daha əvvəl də Türkiyə ilə konstruktiv münasibət qurmaq istədiyini bildirmiş, iki ölkə arasında əsas fikir ayrılıqlarından birinin Egey və Şərqi Aralıq dənizində dəniz zonalarının delimitasiyası olduğunu qeyd etmişdi.
Mitsotakis Yunanıstanın Yaxın Şərq siyasətinə də toxunaraq ölkəsinin ərəb dünyası ilə güclü əlaqələrini qoruduğunu bildirib. O, eyni zamanda İsraillə uzunmüddətli və dərin strateji tərəfdaşlığın davam etdirildiyini vurğulayıb.
