ABŞ və Çin 30 milyard dollar dəyərində "həssas olmayan" məhsulların qarşılıqlı ticarətində daha əlverişli tarif rejiminin tətbiqi barədə razılığa gəliblər. Razılaşma ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Tsinpinin Vaşinqtonda keçirdiyi görüşlərdən sonra əldə olunub. Bu barədə Ağ Ev məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, razılaşma hər iki istiqamətdə 30 milyard dollar həcmində məhsulu əhatə edir. ABŞ-dan Çinə ixrac olunan kənd təsərrüfatı məhsulları, balıq və dəniz məhsulları, taxta və ağac məmulatları, kosmetika və tibbi cihazlar bu siyahıya daxildir.
Çindən ABŞ-a ixrac edilən mallar arasında isə kiçik məişət texnikası, oyuncaqlar, bayram bəzəkləri və uşaq avtomobil oturacaqları kimi istehlak məhsulları yer alır. Tərəflər bu məhsullara tətbiq edilən tariflərin azaldılması istiqamətində ortaq tövsiyələr üzərində razılıq əldə ediblər.
Razılaşma ABŞ-Çin Ticarət Şurası çərçivəsində əldə olunub və iki ölkə arasında daha geniş ticarət paketinin bir hissəsidir. Tərəflər kənd təsərrüfatı bazarına çıxış, kritik minerallar və digər iqtisadi məsələlər üzrə danışıqları da davam etdirəcəklər.
