İraq hökuməti İran aviaşirkətlərinə tətbiq edilən ABŞ məhdudiyyətlərindən bəzi İraq hava limanlarının istisna olunması üçün Vaşinqtonla birbaşa danışıqlar apardığını açıqlayıb. Məqsəd İranla müəyyən kateqoriyalı sərnişin daşımalarının yenidən bərpasına imkan yaratmaqdır. Bu barədə İraq Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, nəzərdə tutulan istisnalar tibbi müalicə, təhsil, dini ziyarətlər və digər humanitar məqsədlərlə həyata keçirilən səfərləri əhatə edə bilər. İraq hökuməti bu reyslərin dayandırılmasının tələbələrə, xəstələrə və zəvvarlara ciddi çətinlik yaratdığını bildirib.
ABŞ-ın İran aviaşirkətlərinə qarşı yeni məhdudiyyətləri qüvvəyə mindikdən sonra İraq hava limanları da həmin daşıyıcıların reyslərini qəbul etməyi dayandırıb. Bu qərar xüsusilə İranla sıx hava əlaqəsinə malik Nəcəf hava limanının fəaliyyətinə ciddi təsir göstərib.
Bağdad eyni zamanda regiondakı gərginliyin azaldılması üçün dialoqun davam etdirilməsinə çağırıb. İraq hökuməti mümkün istisnaların yalnız mülki və humanitar ehtiyaclara xidmət etməsini və mövcud siyasi böhranın dərinləşməsinin qarşısının alınmasını istəyir.
